“Elm” nəşriyyatının beynəlxalq əməkdaşlıq fəaliyyəti
Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı son illər beynəlxalq əməkdaşlıq fəaliyyətini daha da genişləndirmişdir. Bu məqsədlə müəssisə beynəlxalq elmi təşkilatlarla, xarici nəşriyyatlarla əməkdaşlıq əlaqələri qurur, müxtəlif istiqamətlərdə birgə layihələr və təşəbbüslər həyata keçirir.
BEAA ilə əməkdaşlıq
“Elm” nəşriyyatı Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası (BEAA) ilə əməkdaşlıq edir. 1993-cü ildə yaradılan BEAA akademik kitab nəşri sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə imkan verir. Burada 24 elmi şura fəaliyyət göstərir. Bunlardan biri də Kitab nəşri və kitab mədəniyyəti üzrə Elmi şuradır. Nəşriyyatın direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov 2020-ci ildə Kitab nəşri və kitab mədəniyyəti üzrə Elmi şurasının üzvü seçilib. Qurum öz fəaliyyətini elmi, elmi-texniki və soraq-məlumat ədəbiyyatının beynəlxalq mübadiləsinin inkişafına əsaslanan informasiya məkanının formalaşması, akademik kitab nəşri sahəsində dövlətlərarası elmi və mədəni əlaqələrin genişləndirilməsi kimi istiqamətlər üzrə həyata keçirir. Bundan əlavə, şura akademik kitab nəşri və kitab mədəniyyəti sahəsində müştərək nəşriyyat layihələri və tədqiqat proqramlarının əlaqələndirilməsi, müsabiqə və elmi forumların keçirilməsi və s. vəzifələri icra edir.
EASE ilə əməkdaşlıq
“Elm” nəşriyyatının geniş əməkdaşlıq etdiyi qurumlardan biri də Avropa Elmi Redaktorlar Assosiasiyasıdır (EASE – The European Association of Science Editors). Mərkəzi ofisi Böyük Britaniyada yerləşən EASE akademik nəşriyyat sahəsində fəaliyyət göstərən, peşəkar təcrübəyə malik redaktorların beynəlxalq birliyidir. Hazırda qurumun Almaniya, Fransa, İtaliya, Belçika, Danimarka, İspaniya da daxil olmaqla ümumilikdə 50 ölkədən 750-dən çox üzvü var. Qeyd edək ki, AMEA Rəyasət heyətində 13 mart 2023-cü ildə “AMEA-nın “Elm” nəşriyyatının Avropa Elmi Redaktorlar Assosiasiyası (EASE) ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi haqqında” qərar qəbul edilib. Bunun nəticəsidir ki, EASE-nin nəzdində XI daimi bölmə – Azərbaycan bölməsi yaradılıb, nəşriyyatın direktoru filologiya üzrə fəlsəfə doktoru S.Qəhrəmanov bölmənin sədri təyin olunub. Assosiasiyada ölkəmiz üzrə bölmənin yaradılmasında məqsəd Azərbaycanda fəaliyyət göstərən elmi redaktorların beynəlxalq əməkdaşlığını genişləndirmək; mütəxəssislərin təkmilləşdirilməsinə kömək edəcək nəşrlər hazırlamaq; redaksiya işçiləri, müəlliflər üçün maarifləndirici tədbirlər təşkil etmək, onlara tədqiqat və nəşr etikasına dair tövsiyələr, eləcə də yerli və xarici indeksləşdirmə bazalarında elmi jurnalların qeydiyyatı üzrə məsləhətlər verməklə elmi jurnalların standartını və keyfiyyətini yüksəltməkdir.
Elmi tədqiqatların səmərəliliyinin artırılması işinə töhfə vermək məqsədilə nəşriyyat tərəfindən EASE Azərbaycan bölməsində “Tədqiqat məqaləsini yazmaq: EASE redaktorlarından məsləhətlər”, “Müəlliflər üçün EASE Etik normalar yoxlama siyahısı”, “Elmi ünsiyyətdə süni intellektdən istifadəyə dair tövsiyələr” və digər tərcümə məqalələri yerləşdirilib. Həmçinin Azərbaycan bölməsinin rəhbəri kimi S.Qəhrəmanov və müəssisənin əməkdaşları qurumun keçirdiyi “EASE-nin 14-cü Baş Assambleya və Konfransı”, “EASE Nordic Vebinarı: Bərabərlik, ədalət və müxtəlifliyin təşviqi yolu ilə tədqiqat dürüstlüyünün gücləndirilməsi”, “EASE Türkiyə Vebinarı – Scopus: Məzmun seçimi siyasəti, müraciət prosesi və kriteriyalar çərçivəsində jurnalınızın qiymətləndirilməsi”, “Texnologiya və dil modelləri ilə bağlı EASE panel müzakirəsi”, “Tədqiqat tamlığı üzrə 8-ci Ümumdünya Konfransı”, “Jurnal redaktorlarının dəyirmi masası: Təqdimatın uğuru üçün nəşr qaydaları haqqında anlayış”, “Akademik nəşriyyat iş prosesini başa düşmək”, “Açıq giriş jurnallarının redaktorları və naşirləri üçün seminar” və digər tədbirlərdə onlayn şəkildə iştirak ediblər. Azərbaycan bölməsi tərəfindən görülən bu işlər EASE tərəfindən yüksək qiymətləndirilib. Bölmənin aktiv fəaliyyətini nəzərə alaraq sədr S.Qəhrəmanov EASE tərəfindən Nəşr Etikası Komitəsinə (COPE) üzv kimi namizdəliyi irəli sürülüb.
COPE ilə əməkdaşlıq
Nəşr Etikası Komitəsi (COPE – Committee on Publication Ethics) 1997-ci ildə Böyük Britaniyada bir qrup elmi jurnal redaktoru tərəfindən yaradılıb. Komitə elmi nəşrlərdə vahid prinsiplər əsasında fəaliyyət göstərir, etik standartların pozulmasının qarşısını almağa xidmət edir. Bu məqsədlə COPE tərəfindən vaxtaşırı müxtəlif tədbirlər təşkil edilir.
Belə tədbirlərdən biri 2 iyul 2025-ci il tarixində keçirilmiş “Elmi nəşriyyat fəaliyyətində süni intellektin ortaya çıxardığı dilemmalar” mövzusunda beynəlxalq onlayn forumdur. “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov da bu forumda iştirak edib. O, tədbirdə qeyri-ingilisdilli elmi mühitin təmsilçisi qismində süni intellekt texnologiyalarına qlobal miqyasda çıxış imkanlarındakı bərabərsizliklərə diqqət çəkmişdir. Direktor çıxışı zamanı etik tənzimləmələrin formalaşdırılmasında bu bərabərsizliklərin nəzərə alınmasının vacibliyini, eləcə də regionlara uyğun, kontekstual yanaşmanın tətbiq edilməsinin əhəmiyyətini qeyd etmişdir.
Crossref ilə əməkdaşlıq
“Crossref Publishers International Linking Association” təşkilatı 2000-ci ildən fəaliyyət göstərir. “DOI” Beynəlxalq Fondunun rəsmi DOI agentliyi olan bu qeyri-kommersial təşkilat elmi nəşrlərin tədqiqat əsərlərini tapmaq, sitat gətirmək, əlaqələndirmək, qiymətləndirmək məqsədilə yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyası 2023-cü il iyun ayından etibarən rəqəmsal obyekt identifikatoru (DOI) verilməsi ilə əlaqədar “DOI” Beynəlxalq Fondunun “Crossref Publishers International Linking Association, Inc.” Rəsmi Qeydiyyat Agentliyinə ali qurum qismində üzv olub. Crossref təşkilatının üzvü seçilmiş “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov qurumun illik toplantısında onlayn formada iştirak edib. 22-23 oktyabr 2025-ci il tarixlərində baş tutan tədbirdə Crossrefin 25-ci ildönümü ilə bağlı müzakirələr aparılıb, İdarə Heyətinə seçkilər, qurumun maliyyə vəziyyəti, yol xəritəsi və üzvlük məsələləri, metadata elmi və təşkilatla bağlı digər məsələlər müzakirəyə çıxarılıb. Eləcə də alətlər və xidmətlər, layihə və proqram yeniləmələri ilə bağlı məlumatlar verilib, “Real dünyada tədqiqat əlaqəsi” adlı panel müzakirəsi və digər mühüm məsələlərə baxılıb.
Beynəlxalq konfranslarda iştirak
EASE ilə əməkdaşlıq çərçivəsində nəşriyyatın direktoru S.Qəhrəmanov 1-3 iyun 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmiş qurumun XVII Baş Assambleyasında ölkəmizi təmsil edib. O, tədbir çərçivəsində TÜBİTAK-ın nəzdində fəaliyyət göstərən ULAKBİM-in (Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzi) direktoru Mehmet Mirat Satoğlu, eyni zamanda, müxtəlif ölkələrdən olan tədqiqatçı və mütəxəssislərlə görüşlər keçirib, elmi redaktorların peşəkar inkişafını, elmi redaktənin qlobal standartını və keyfiyyətini yaxşılaşdırmaq istiqamətində aparılan müzakirələrdə yaxından iştirak edib.
“Elm” nəşriyyatının direktoru EASE-nin XVII Baş Assambleyası çərçivəsində təşkil olunmuş “Keyfiyyətli elmi nəşr” mövzusunda konfransda da iştirak edib. 36 ölkədən 200-ə yaxın alim və mütəxəssisin iştirak etdiyi konfransda “Elmi nəşriyyat: keyfiyyət, etika və dürüstlük – yaxşı elmi nəşriyyat necə olmalıdır?”, “Keyfiyyət naşirlər, redaktorlar və müəlliflər üçün nə deməkdir və biz buna uyğunlaşırıqmı?”, “İndeksləşdirmə üçün keyfiyyət göstəriciləri tələbləri” və b. mövzularda sessiyalar keçirilib. EASE Azərbaycan bölməsinin digər üzvləri də konfransa onlayn qoşulublar.
S.Qəhrəmanov 27-30 may 2024-cü il tarixlərində Özbəkistanda böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə keçirilmiş “Əlişir Nəvai və Məhəmməd Füzuli: Özbəkistan-Azərbaycan ədəbi əlaqələri” adlı beynəlxalq elmi konfransda məruzə ilə çıxış etmiş və sertifikata layiq görülüb.
“Elm” nəşriyyatı xarici nəşriyyatlarla da əməkdaşlıq istiqamətində işlər görür. Belə ki, müəssisənin direktoru S.Qəhrəmanov 2024-cü ildə Özbəkistana səfəri zamanı Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin “Özbəkistan nəşriyyatı”nın direktoru Umidjon Hayitov və baş redaktoru Muhiddin Omanov ilə görüşüb. S.Qəhrəmanov, həmçinin Özbəkistanın “Niso Poligraf” nəşriyyatında olub, orada direktor Elyor Ahmedov ilə görüşüb. Görüşdə nəşriyyatlar arasında bu günə qədər olan əməkdaşlıqdan, birgə icra olunan nəşr layihələrindən danışılıb.
Beynəlxalq sərgilərdə iştirak
Nəşriyyat yerli sərgilərlə yanaşı, beynəlxalq sərgilərdə də yaxından iştirak edir.
Müəssisədə hazırlanan və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovun müəllifi olduğu “Azərbaycan beynəlxalq münasibətlər sistemində 1648-1991. Sənədlər və materiallar” adlı kitab 24-26 iyun 2022-ci il tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin təşkilatçılığı ilə hər il keçirilən “Kitab sənəti” adlı beynəlxalq kitab müsabiqəsində “Elm və təhsil” nominasiyası üzrə I yeri tutub.
“Elm” nəşriyyatı hər il Bakıda təşkil olunan Bakı Beynəlxalq Kitab Sərgisində, Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında yaxından iştirak edir, sertifikatlara layiq görülür.