“Elm” nəşriyyatının yaranma tarixi
Azərbaycan Milli Elmlər Akademiyasının Nəşriyyatı 1925-ci ildə yaradılmışdır. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC) təsis olunarkən əsas hədəflərdən biri tədqiqat nəticələrinin nəşri, elmi-tədqiqat xarakterli mətbuat orqanlarının yaradılması idi. Bu, ATTC-nin 05.04.1924-cü il tarixində qəbul edilmiş nizamnaməsinin Cəmiyyətin məqsədi bölməsində də açıq şəkildə qeyd olunurdu. Bakıda keçirilən Birinci Türkoloji Qurultay ərəfəsində Azərbaycanşünaslığa dair xeyli adda əsərin çapının planlaşdırılması redaksiya-nəşriyyat işlərinin vahid mərkəz altında – yeni yaradılacaq nəşriyyatda toplanılmasını labüd edirdi. Bu məqsədlə ATTC Mərkəzi Şurası Rəyasət Heyətinin 23 sentyabr 1925-ci il tarixli iclasında Nəşriyyatın məsələsi müzakirə edilmiş, onun fəaliyyətinə rəhbərlik Redaksiya və Nəşr Şurasının sədri İosif Feodoroviç Blinov və elmi katib Bəkir Çobanzadəyə həvalə edilmişdir. ATTC Mərkəzi Şurası Rəyasət Heyətinin 4 noyabr 1925-ci il tarixli iclasında isə Nəşriyyat komissiyasının daha çevik şəkildə formalaşdırılmasına dair qərar verilir. Qərarda göstərilir ki, ATTC-də Nəşriyyat komissiyasının tərkibinə H.Terequlov, Ç.İldırım, A.O. Dalavasser və H.Zeynallı daxil edilməli, əlyazmalar Türkoloji Qurultay ərəfəsində ən yaxın müddətdə həm kitab, həm də məqalələr şəklində (Cəmiyyətin “Xəbərləri” №1) çap olunmalıdır. “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin xəbərləri” jurnalının ilk sayı 1925-ci ildə rus dilində, 1928-ci ildən isə Azərbaycan dilində də çap olunur. “Xəbərlər”in işində Y.V.Çəmənzəminli, H.Zeynallı, R.Əfəndiyev, Ə.Abid, V.Xuluflu və b. görkəmli şəxsiyyətlər yaxından iştirak etmişdir.
29 oktyabr 1929-cu ildə Azərbaycan MİK ATTC-nin Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutuna (AzDETİ) çevrilməsi haqqında qərar qəbul etdi və cəmiyyətin bütün vəsaitləri, kitabxanası, o cümlədən Nəşriyyat Az.DETİ-na verildi. 29 dekabr 1932-ci ildə Azərbaycan MİK-in qərarı ilə Az.DETİ-nin və Azərbaycanda Təbii-Məhsuldar Qüvvələrin Öyrənilməsi İnstitutu bazasında SSRİ EA Zaqafqaziya filialının Azərbaycan Şöbəsi təşkil edildi. 1935-ci ilin oktyabrında SSRİ EA Zaqafqaziya filialının Azərbaycan Şöbəsi SSRİ EA Azərbaycan Filialına çevrildi. Filialın tərkibində olarkən Nəşriyyata 1939-1941-ci illərdə N.Qənizadə, 1941-1943-cü illərdə M.Petrosov rəhbərlik etmişdir. SSRİ Xalq Komissarları Sovetinin 23 yanvar 1945-ci il tarixli qərarı ilə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı Azərbaycan SSR Elmlər Akademiyasına çevrildi. AEA-nın təsis edilməsi Azərbaycanda elmin tərəqqisinə təkan vermiş, Nəşriyyatın fəaliyyətini genişləndirmişdir. Nəşriyyatın direktoru olmuş A.Q.Vəliyev 1943-1948-ci illərdə – istər SSR Elmlər Akademiyasının Azərbaycan Filialı dövründə, istərsə də Azərbaycan SSR Elmlər Akademiyası dövründə müəssisəni gərgin və əzmli işin müqabilində inkişaf etdirmişdir. Buna Azərbaycan SSR Nazirlər Sovetinin 28 noyabr 1946-cı ildə verilmiş “Azərbaycan SSR-də poliqrafiya sənayesini və nəşriyyat işini inkişaf etdirmək tədbirləri haqqında” qərarı da müsbət təsir etmişdir.
Müxtəlif illərdə bu müəssisəyə M.M.Məmmədli (1948-1953), L.N.Xasin (1953-1956-cı, 1957-1960), Z.M.Bünyadov (1956-1957), Ə.R.Xanbabayev (1960-1972), F.M.Məlikov (1972-1985), Ə.N.Novruzova (v.i.e.,1985-1991) rəhbərlik etmişdir.
1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın cəlb edildiyi münaqişə və mübarizələr elmi müəssisələrin fəaliyyətinə, tədqiqat işlərinə mənfi təsirini göstərmişdi. Lakin ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycanda rəhbərliyə qayıdışı nəticəsində Akademiya tamamilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
1991-1997-ci illərdə Nəşriyyata rəhbərlik etmiş F.S.Əhmədov mövcud aktual problemlərə, Azərbaycan xalqının etnogenezinə, milli şurun yüksəlməsinə dair bir sıra kitablar nəşr etmişdir.
1997-2013-cü illərdə nəşriyyata fil.e.d. Şirindil Alışanov rəhbərlik etmişdir. Nəşriyyatda müasir tipli ofset sexi, kompüter mərkəzi yaradılmış və yeni avadanlıqlarla təchiz olunmuş, “Elm” qəzetinin, “Elm və həyat” jurnalının, Akademiyanın jurnallarının nəşri tam qaydasına salınmış, yüzlərlə elmi əsərlər çap olunmuşdur. Bu inkişafın təməlində nəşriyyat sahəsinə dövlətin dəstəyi dayanırdı. 2000-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının qanunu” qəbul edilməsi ilə kitabçılıq işi sahəsində uğurlu fəaliyyətin əsası qoyulmuşdur. Bu, birbaşa olaraq akademiyanın nəşriyyatının fəaliyyətinə çox ciddi təsir göstərmişdir.
2004-cü ildə ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq “Elm” nəşriyyatı latın qrafikası ilə yenidən nəşr edilməsi nəzərdə tutulan əsərlərin hazırlanmasında, redaktəsində yaxından iştirak etmişdir. Ümumiyyətlə, latın qrafikası ilə yenidən nəşr edilmiş əsərlərə diqqət etsək, onların əksəriyyətinin ilk nəşr yerinin “Elm” nəşriyyatı olduğunu görərik.
2014-2018-ci illərdə Nəşriyyata H.X.Abıyev rəhbərlik etmişdir. 2015-ci il Akademiya və onun nəşriyyatı üçün əlamətdar olmuşdur. Belə ki, Azərbaycanın müqəddəs elm ocağı AMEA-nın 70 illik yubileyi dövlət səviyyəsində böyük təntənə ilə qeyd edilmişdir.
2019-cu ildən “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanovdur. Həmin ildən etibarən “Elm” nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulması, fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün zəruri tədbirlər görülür. Bu məqsədlə AMEA Rəyasət Heyəti “AMEA-nın “Elm” nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019–2020-ci illər üçün Tədbirlər planı”nı təsdiq etmişdir. Tədbirlər planında “Elm” nəşriyyatının yeni korporativ imicinin formalaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müasir tələblər səviyyəsində rəsmi veb-saytının hazırlanması və s. yer almışdır. 2019-cu ildə “Elm” nəşriyyatı rebrendinq edib, özünün yeni loqosunu və şüarını müəyyənləşdirmişdir. “Elm” nəşriyyatının yeni loqosu elm və kitabın simvolik vəhdətindən ibarətdir. Loqo cəmiyyətin intellektual tərəqqisini təmin edən elmin dəyərli kitabların mütaliəsindən doğması fikrini özündə ehtiva edir. Nəşriyyatın şüarı isə “Elm – tərəqqiyə aparan yol”dur. “Elm” nəşriyyatı çap etdiyi AMEA-nın elmi jurnallarının beynəlxalq elmi mərkəzlərlə əlaqələrinin gücləndirilməsi istiqamətində işlər görür.
2025-ci ilin sentyabr ayında “Elm” nəşriyyatının yaradılmasının 100 ili tamam olur. AMEA-nın Rəyasət Heyətinin 22.01.2025-ci il tarixində keçirilmiş iclasında müəssisənin 100 illiyinin qeyd olunması ilə bağlı müvafiq qərar qəbul edilmişdir.