Nəşriyyatın rəhbərliyi

Səbuhi Qəhrəmanov
Direktor

Səbuhi Qəhrəmanov

Filologiya üzrə fəlsəfə doktoru

Səbuhi Adil oğlu Qəhrəmanov 21 sentyabr 1988-ci ildə Bərdə rayonunda anadan olub. 2005-ci ildə Gəncə şəhər 24 saylı orta məktəbi fərqlənmə ilə başa vurub. 

2009-cu ildə Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin nəşriyyat işi və redaktəetmə ixtisası üzrə bakalavriat pilləsini fərqlənmə diplomu ilə bitirib. 

2009-2010-cu illərdə “N” saylı hərbi hissədə xidmətdə olub. 

2012-ci ildə Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin nəşriyyat işi və redaktəetmə ixtisası üzrə magistratura pil­ləsini fərqlənmə diplomu ilə bitirib.

2014-2018-ci illərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertanturasında təhsil alıb, 2018-ci ildə “Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20-30-cu illəri)” mövzusunda filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib. Tədqiqat işində bolşevik işğalından sonra Azərbaycanda yaranan ictimai-siyasi mühitin ədəbiyyata təsirini, ədəbi prosesin formalaşmasında həmin dövrün yaradıcılıq təşkilatları və mətbuatının rolunu araşdırıb. 

2018-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alıb.

2021-ci ildən Azərbaycan Dillər Universitetində elmlər doktoru proqramı üzrə dissertanturada “Azərbaycan ədəbiyyatında Azərbaycançılıq məfkurəsinin bədii ifadə istiqamətləri” mövzusunda dissertasiya üzərində çalışır. 30-dan çox elmi əsərin, o cümlədən 3 kitabın müəllifidir.

2011-ci ildə AMEA-nın “Elm” nəşriyyatında əmək fəaliyyətinə başlayıb, 2011-2014-cü illərdə müəssisədə ədəbi redaktor, Nəşriyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. 2015-2019-cu illərdə AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsi – Mətbuat xidmətinin müdiri olub. 2019-cu ildən hazıradək AMEA-nın “Elm” nəşriyyatının direktorudur. İki minə yaxın elmi, elmi-kütləvi və bədii ədəbiyyatın, eləcə də orta və ali təhsil müəssisələri üçün dərslik və dərs vəsaitlərinin nəşrində naşir, redaktor, tərtibçi kimi yaxından iştirak edib. 

Elm və təhsildə, respublikanın ictimai həyatında fərqləndiyi üçün dəfələrlə diplom və fəxri fərmanlara layiq görülüb. AMEA Mərkəzi Elmi Kitabxanasının Elmi-metodiki şurasının, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının kitab nəşri və kitab mədəniyyəti üzrə elmi şurasının, “Kitabşünaslıq və redaktor sənəti”, “Metafizika” və “Gənc tədqiqatçı” elmi jurnallarının redaksiya şuralarının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Avropa Elmi Redaktorlar Assosiasiyasının Azərbaycan bölməsinin sədri, AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının məsul katibidir. Səbuhi Qəhrəmanovun təşəbbüsü ilə 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatının bazasında “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 52) yaradılıb və o, komitəyə sədr təyin olunub.

Bakı Dövlət Universitetində “Azərbaycan kitab mədəniyyəti”, “Nəşrin təbliği və reklamı”, “Redaktənin əsasları” və digər fənnlər üzrə kadr hazırlığında yaxından iştirak edib.