← Geri
Abdulla Vəliyev

Abdulla Vəliyev

Abdulla Hüseyn oğlu Vəliyev 1910-cu il fevralın 13-də anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirən A.Vəliyev 1927-1931-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakül­tə­sinin dil şöbəsində təhsil almışdır. 1932-1939-cu il­lər­də müx­tə­lif tex­ni­kum və mə­də­ni-maa­rif mü­əs­si­sə­lə­rin­də iş­lə­miş, 1939-1941-ci illər­də Azər­bay­can Pe­da­qo­ji İns­ti­tu­tun­da müəllim və xarici dillər fakültəsində dekan müavini vəzifələrində ça­lış­mış­dır.

1941-ci ildə Böyük Vətən müharibəsi başladıqdan sonra A.Vəliyev ilk olaraq Bakının müdafiəsi üzrə xüsusi işlərdə dəstə rəhbəri vəzifəsində xidmət etmiş, 1942-ci ildə Qızıl Ordu sıralarında ön cəbhəyə yollanmışdır. Qafqaz cəbhəsində, əvvəlcə Şimali Qafqazda Qroznı şəhəri ətrafında, sonralar isə Novorossisyk şəhərini azad etmək uğrunda döyüşlərdə iştirak etmişdir. A.Vəliyev 1943-cü il fevralın 13-də Novorossiysk şəhəri yaxınlığında şiddətli döyüş zamanı yaralıları meydandan çıxararkən özü də ağır yaralanmış və həmin ilin sentyabrında ordu sıralarından tərxis olunmuşdur. O, 1943-1945-ci illərdə SSRİ EA Azərbaycan Filialının, 1945-1948-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının nəzdindəki “Elm” nəşriyyatının direktoru olmuşdur.

A.Vəliyev 1951-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinə ikiillik dissertantura söbəsinə ezam olunaraq məşhur türkoloq Nikolay Konstantinoviç Dmitriyevin rəhbərliyi ilə dissertasiya işini başa çatdırmışdır. O, 1952-ci ilin noyabrında Moskva Dövlət Universitetinin Müdafiə Şurasında “Abşeron yarımadasının qərb rayonlarının şivələri” dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. 1975-ci ildə isə “Azərbaycan dilinin keçid şivələri” adlı doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Görkəmli dialekto­loq­ alim 1978-ci ildə türkologiya kafedrasının professoru elmi adını almışdır.

Abdulla Vəliyev 1986-cı il iyunun 8-də 76 yaşında dünyasını dəyişmişdir.