Əjdər Xanbabayev
Əjdər Rza oğlu Xanbabayev 1931-ci ildə Ordubadda çoxuşaqlı ailədə dünyaya gəlmişdir. O, Ordubadda həm fəhlə gənclər məktəbində oxumuş, həm də işləmişdir. Məktəbi bitirdikdən sonra Bakıya gəlmiş, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. Üçüncü kursda oxuyarkən Stalin təqaüdü almağa başlamışdır.
Ə.Xanbabayev universiteti bitirdikdən sonra 1956-cı ildən Azərbaycan SSR Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən “Elm” nəşriyyatında redaktor, baş redaktor vəzifələrində keçirmişdir. 1960-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının “Elm” nəşriyyatının direktoru vəzifəsinə təyin edilmiş, 1972-ci ilədək bu vəzifədə çalışmışdır. Sonralar “Azərnəşr” nəşriyyatının, “Yazıçı” nəşriyyatının direktoru olmuş, 1986-cı ildə Azərbaycan SSR Mətbuat, Poliqrafiya və Kitab Ticarəti Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Qısa müddətdə 10 cildlik “Azərbaycan Ensiklopediyası” tamamlanmış, 50 cildlik “Dünya uşaq ədəbiyyatı”, Azərbaycan dilində “Dünya ədəbiyyatı kitabxanası”nın ilk 30 cildi, Azərbaycan və rus dillərində 20 cildlik “Azərbaycan klassik ədəbiyyatı kitabxanası” çapdan çıxmışdır. Nizami Gəncəvi və digər dahi şairlərin əsərləri xarici dillərdə nəşr olunmuşdur.
Əjdər Xanbabayev 1990-cu ildə mayın 30-da dünyasını dəyişmişdir.