Hafiz Abıyev
Hafiz Xeyrulla oğlu Abıyev 1954-cü il yanvarın 5-də Sabirabad rayonunun Qaralar kəndində anadan olmuşdur. 1979-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 15 il Sabirabad rayonunun Qaralar kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi və məktəb direktoru işləmişdir.
H.Abıyev 1991-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertanturasına qəbul olunmuşdur. 1992-1994-cü illərdə akademiyanın “Elm” nəşriyyatının redaktoru, 1995-ci ildə isə AMEA prezidentinin köməkçisi olmuşdur. 1996-2014-cü illərdə AMEA Geologiya İnstitutunun Nəşriyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, 2014-cü ildə “Elm” nəşriyyatının direktoru vəzifəsinə təyin olunmuş, 2018-ci illədək bu vəzifəni icra etmişdir.
Hafiz Abıyev 1992-ci ildə Əbülhəsən Racinin “Seçilmiş əsərləri”ni daş basma nəşrdən transliterasiya edərək ön söz, şərh və lüğət verməklə 10.000 nüsxədə çap etdirmişdir. Həzrət Əli(ə)nin “Nəhcül-Bəlağə” əsərini (tərcümə edərək) iki dəfə, Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əsas 5 fəslini “Kərbəla vaqiəsi” adı ilə (müasir Azərbaycan ədəbi dilində) iki dəfə nəşr etdirmişdir. Bundan əlavə Həzrət Əli(ə)nin “Divan”ını nəsr formasında tərcümə etdirərək çap etmişdir.
Hafiz Abıyev 2025-ci il iyulun 25-də Bakı şəhərində vəfat etmişdir.