Şirindil Alışanlı
Şirindil Həsən oğlu Alışanlı 1952-ci il oktyabrın 28-də Laçın rayonunun Əhmədli kəndində anadan olmuşdur. Bakıda 19 və 111 nömrəli məktəblərdə orta təhsil almışdır. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil almış, ədəbi tənqid üzrə ixtisas kursunu bitirmişdir. 1976-1987-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Ədəbiyyat İnstitutunda elmi işçi, elmi katib, bölmə müdiri vəzifələrində çalışmışdır.
Şirindil Alışanlı 1977-1980-ci illərdə SSRİ EA Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində işləmiş, məşhur estetik Yuri Borevin rəhbərliyi ilə romantizm probleminə həsr olunmuş namizədlik dissertasiyası yazmış və 1981-ci ildə müdafiə etmişdir.
O, 1991-ci ildə “Sabah” nəşriyyatını təsis etmiş, 1993-1998-ci illərdə “Elm” qəzetinin baş redaktoru olmuşdur. Ş.Alışanlı 1997-ci ildə “Elm” nəşriyyatının direktoru təyin edilmiş və 2014-cü ilədək bu vəzifəni icra etmişdir. 1998-2003-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunun Tarixi poetika, 2003-2024-cü illərdə XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbələrinin müdiri vəzifəsində çalışmışdır. Ş.Alışanov 10-dan artıq kitabın, 200-dən artıq elmi məqalənin müəllifidir. Bir sıra mötəbər beynəlxalq elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin üzvü olmuşdur. Rəhbərliyi və redaktəsi ilə çoxsaylı elmi əsərlər və antologiyalar nəşr edilmişdir. 70-dən artıq kitabın redaktoru olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuşdur.
Şirindil Alışanlı 14 mart 2024-cü ildə vəfat etmişdir.