Ziya Bünyadov
Ziya Musa oğlu Bünyadov 21 dekabr 1923-cü ildə Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olmuşdur.
Z.Bünyadov 1946-cı ildə N.Nərimanov adına Moskva Şərqşünaslıq İnstitutuna, 1950-ci ildə isə həmin institutun aspiranturasına daxil olmuşdur. Tələbəlik illərində görkəmli Sovet ərəbşünası prof. Y.A.Belyayev onun müəllimi olmuşdur. 1954-cü ildə Z.Bünyadov ilk tədqiqat işi olan “Afrikada İtaliya imperializmi” mövzusunda namizədlik, 1964-cü ildə “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1965-ci ildə professor elmi adını almış, 1967-ci ildə AEA-nın müxbir üzvü, 1976-cı ildə həqiqi üzvü seçilmişdir.
1954-cü ildə Ziya Bünyadov elmi fəaliyyətinə böyük elmi işçi kimi Tarix İnstitutunda başlamış, 1955-1957-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının nəşriyyatında direktor, 1958-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi olmuş, 1964-1981-ci illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutunun Orta əsrlər tarixi şöbəsinə rəhbərlik etmiş, 1981-1988-ci illərdə Z.Bünyadov AEA-nın Şərqşünaslıq İnstitutunun Şərqin orta əsrlər tarixi şöbəsinin müdiri vəzifəsində, 1988-1990-cı illərdə AEA-nın Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində işləmişdir. O, 1990-cı ildə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilmiş, 1992-ci ilin oktyabr ayından isə yenidən Şərqşünaslıq İnstitutuna rəhbərlik etmişdir.
Z.Bünyadov orta əsrlər tarixi və mənbəşünaslıq üzrə elmi məktəbin banisidir.
Onun 1965-ci ildə çap olunan “Azərbaycan VII-IX əsrlərdə” kitabı Z.Bünyadova Azərbaycanın orta əsrlər tarixi üzrə ciddi tədqiqatçı və mütəxəssis şöhrəti qazandırmışdır.
Z.Bünyadov 1978-ci ildə “Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)” adlı monoqrafiyasını nəşr etdirmişdir. Əsər 1980-ci ildə elm və texnika sahəsində Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür.
Z.Bünyadov 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 1982-ci ildə Azərbaycan SSR “Əməkdar elm xadimi” fəxri adını almışdır. Elə həmin ildə türk xalqları tarixinin öyrənilməsində böyük xidmətlərinə görə Türk Tarix Qurumunun müxbir üzvü seçilmişdir. Azərbaycan SSR Dövlət Mükafatı laureatı olmuşdur.
1988-ci ilin oktyabr ayında türk xalqları tarixinin öyrənilməsində xidmətlərinə görə Türk Tarix Qurumunun fəxri üzvü seçilmiş, 1990-cı ildə “Qurani-Kərim”in tərcüməsinə görə “H.Z.Tağıyev” adına mükafata, 1993-cü ildə A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərinin elmi və şərhli nəşrinə görə “A.A.Bakıxanov” adına mükafata layiq görülmüşdür.
Z.Bünyadov 30 namizədlik dissertasiyasının rəhbəri və məsləhətçisi, 12 doktorluq dissertasiyasının opponenti olmuşdur.
Z.Bünyadov 12 noyabr 1995-ci ildə Milli Məclisin deputatı seçilmişdir.
Akademik Ziya Bünyadov 1997-ci ildə Bakı şəhərində vəfat etmişdir.