Xəbərlər
Akademik İsa Həbibbəyli: “Elm” nəşriyyatı respublikamızda elmi biliklərin geniş yayılmasına və kitab mədəniyyətinin inkişafına mühüm töhfələr verib”
AMEA-nın “Elm” nəşriyyatı keçdiyi 100 illik zəngin dövr ərzində respublikamızda elmi biliklərin geniş yayılmasına və kitab mədəniyyətinin inkişafına mühüm töhfələr verib, bu gün də fəaliyyətini uğurla davam etdirir.
Bu sözləri “Elm” nəşriyyatının 100 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli deyib.
“Elm” nəşriyyatının kollektivini yubiley münasibətilə təbrik edən akademik İsa Həbibbəyli bildirib ki, 2025-ci ildə həm də Azərbaycan Milli Elmlər Akademiyasının 80 ili tamam olub. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın yubiley tədbirində iştirakı və parlaq nitqi Akademiyaya verdiyi dəyərin göstəricisidir: “Biz cənab Prezidentin nitqində səsləndirdiyi mühüm fikirlər ətrafında həm Rəyasət Heyətində, həm də müvafiq institutlarda geniş müzakirələr aparmış, tədqiqatlar müəyyənləşdirmişik və onları həyata keçiririk. Hesab edirik ki, AMEA-nın 80 illik yubileyi onun institutlarının, geniş mənada Azərbaycan elminin yeni inkişaf mərhələsinin yol xəritəsini təqdim edir. Bunun üçün biz ölkə Prezidentinə bir daha minnətdarlığımızı bildiririk, onu əmin edirik ki, bu yolda fəaliyyətimizi davam etdirərək Akademiyanı yeni inkişaf mərhələsinə çatdırmağa çalışacağıq”.
AMEA rəhbəri bir çox qurumların Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti dövründə yarandığını, sonralar Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyətini davam etdirdiyini söyləyib. Vurğulayıb ki, bir müddət əvvəl Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyi keçirilib, bu gün isə “Elm” nəşriyyatının 100 illik yubileyi qeyd olunur. Natiq bildirib ki, AMEA Rəyasət Heyəti 22 yanvar 2025-ci il tarixli “AMEA-nın “Elm” nəşriyyatının 100 illik yubileyinin keçirilməsi haqqında” və 10 fevral 2025-ci il tarixli “AMEA “Elm” nəşriyyatının 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planı haqqında” qərarlar qəbul edib.
AMEA rəhbəri xatırladıb ki, nəşriyyat 1925-1932-ci illərdə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin, 1932-1935-ci illərdə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin, 1935-1945-ci illərdə SSRİ EA Azərbaycan Filialının, 1945-ci ildən isə Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərib. Akademik İsa Həbibbəyli bu illərdə müəssisəyə Bəkir Çobanzadə, Abdulla Vəliyev, Ziya Bünyadov, Əjdər Xanbabayev kimi bir sıra görkəmli şəxsiyyətlərin rəhbərlik etdiyini deyib.
Akademik İsa Həbibbəyli müstəqillik dövründə Akademiyada nəşriyyat sahəsinin yeni tipli – nəşriyyat-poliqrafiya sisteminin inkişaf etdiyini vurğulayıb: “Əvvəllər Akademiyada nəşriyyat və mətbəə ayrı-ayrı strukturlar kimi fəaliyyət göstərmiş, müstəqillik illərində isə bu iki sahə vahid ad altında birləşdirilmişdir. Həmçinin dövrün görkəmli alimlərindən ibarət Redaksiya-nəşriyyat şurası da formalaşdırılıb. Bu prosesdə nəşriyyatın mərhum direktorlarından filologiya elmləri doktoru, professor Şirindil Alışanovun əməyi yüksək olmuşdur”.
Akademik İsa Həbibbəyli qeyd edib ki, nəşriyyat keçdiyi 100 illik zəngin dövr ərzində respublikamızda elmi biliklərin geniş yayılmasına və kitab mədəniyyətinin inkişafına mühüm töhfələr verib, bu gün də fəaliyyətini uğurla davam etdirir. Nəşriyyat işinin daha da səmərəli olması üçün mühüm işlər görülüb, bu məqsədlə müəssisənin maddi texniki bazası gücləndirilib. O, son illərdə mətbəəyə müasir çap, kəsim, kitab cildləyən maşınlar, kompüterlər və digər lazımi avadanlıqların alındığını, redaksiya üçün əlavə iş otaqlarının ayrıldığını da bildirib. Qeyd edib ki, hazırda “Elm” nəşriyyatı nüfuzlu nəşriyyat kimi hər il müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirak edir. Bakı Beynəlxalq Kitab Sərgisində AMEA-nın stendində nümayiş olunan seriyalı nəşrlər, monoqrafiyalar, çoxcildliklər və s. nəşrlərə baxdıqda Akademiyada nəşriyyat sahəsinin, çap prosesinin inkişafını görmək mümkündür.
Akademik İsa Həbibbəyli nəşriyyatın diektoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanovun da bütün işlərdə əməyini yüksək qiymətləndirib. Bildirib ki, S.Qəhrəmanovun müəllifliyi ilə hazırlanan “Azərbaycan elminin salnaməsi və bələdçisi”, eləcə də tərtib etdiyi “Elm” nəşriyyatı: bir əsrlik irsin biblioqrafiyası: (1925-1990)” və “Elm” nəşriyyatı: bir əsrlik irsin biblioqrafiyası: (1991-2025)” adlı ikicildlik biblioqrafiya və “Azərbaycan Milli Elmlər Akademiyası: biblioqrafiyaların biblioqrafiyası” adlı nəşrlər müəssisənin 100 illik yubileyinə mühüm töhfədir. Vurğulayıb ki, ikicildlik biblioqrafiyaya salınmış yeddi mindən çox kitab müəssisənin yüz il ərzindəki fəaliyyətinə bir daha nəzər salır.
Akademik İsa Həbibbəyli nəşriyyatın işini yüksək qiymətləndirib, əməkdaşları yubiley münasibətilə bir daha təbrik edib, onlara işlərində uğurlar arzulayıb.