Xəbərlər
“AMEA-nın XI Bakı Beynəlxalq Kitab Sərgisində yüksək səviyyədə iştirakı elmi irsimizi geniş təbliğ etməyə imkan verdi”
AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Akademiyanın “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuş XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirakının yekunları haqqında da müzakirələr aparılıb.
Məsələ ilə bağlı AMEA-nın “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov çıxış edərək bildirib ki, sərgiyə hazırlıq yüksək səviyyədə həyata keçirilib və Akademiyanın zəngin elmi irsi ictimaiyyətə təqdim olunub. “Elm” nəşriyyatının stendində 600-dən çox monoqrafiya, çoxcildlik əsər, soraq-məlumat ədəbiyyatı, biblioqrafiya və jurnal sərgilənib. Sərgi çərçivəsində AMEA-nın “Akademiyada: biblioqrafik nəşrlər və seriyalı akademik nəşrlər” və “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbirlərinin keçirildiyini, AMEA-nın 80 illiyi ilə bağlı monoqrafiyaların, biblioqrafiyaların, tanıtma kitabının, eləcə də elmin müxtəlif sahələrinə dair seriyalı nəşrlərdən ibarət 100-dən çox kitabın, həmçinin Zəngəzura dair 56 nəşrin təqdim edildiyini diqqətə çatdırıb. Bildirib ki, hər iki tədbir böyük maraqla qarşılanıb və Azərbaycan elminin dövlətçilik ideallarına sədaqətlə xidmətini nümayiş etdirib.
“Akademiyanın elmi irsini geniş təbliğ etmək baxımından sərgidə iştirakımız uğurlu oldu. İkincisi, əvvəlki illərdən fərqli olaraq, AMEA-nın institut və təşkilatlarının vahid stend altında birgə çıxışı Akademiyanın mövqeyini daha da gücləndirdi. Həmçinin 80 illik yubileyə həsr edilən nəşrlər Akademiyanın yubileyə ciddi hazırlaşdığını nümayiş etdirdi. Və nəhayət, 25 ildən sonra “Elm” nəşriyyatının texniki bazasının yenilənməsi akademik kitab mədəniyyətimizə kəmiyyət və keyfiyyət baxımından yeni nəfəs verdi”, - deyə Səbuhi Qəhrəmanov qeyd edib.
Rəyasət Heyəti tərəfindən AMEA-nın elmi müəssisə və təşkilatlarına Akademiyanın elmi nailiyyətlərinin təbliği və elmin populyarlaşdırılması baxımından əhəmiyyəti nəzərə alınaraq sərgi işlərinin daha da təkmilləşdirilməsi, müasir standartlar səviyyəsində qurulması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi tapşırılıb.