Xəbərlər
“Azərbaycan Milli Elmlər Akademiyası: tanıtma kitabı” çapdan çıxıb
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə AMEA-nın 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyası: tanıtma kitabı” işıq üzü görüb.
Kitab Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan elminin dövlətçilik və milli ideologiya üçün strateji əhəmiyyətini vurğulayan fikirləri ilə başlayır.
"Elm" nəşriyyatında işıq üzü görən kitabda AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin müəllifi olduğu “Ön söz” yer alır.
Nəşrdə AMEA-nın yaranma tarixi, təsisçiləri, keçdiyi inkişaf yolu, Akademiyanın müxtəlif bölmələri və institutlarının fəaliyyət istiqamətləri geniş şəkildə təqdim olunur.
Həmçinin kitabda Akademiyanın Rəyasət Heyəti Aparatının şöbələri, elmi müəssisə və təşkilatları, regional elmi bölmə və mərkəzləri, ictimai qurumların fəaliyyət istiqamətləri, əlaqə məlumatları, elmi nəşrləri, təşkilati strukturları və s. vahid kataloq formatında təqdim edilib.
Nəşrdə AMEA-nın fəaliyyətini vizual şəkildə təqdim edən fotoşəkillər və təsviri məlumatlar da əks olunub.
Nəşrin tərtibçi-müəllifləri AMEA Rəyasət Heyəti Aparatı Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri və həmin şöbənin baş mütəxəssisi Aynur Günəşlidir.
Naşir AMEA-nın “Elm” Nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, dizayner isə nəşriyyatın əməkdaşı Şəlalə Rüstəmovadır.