Xəbərlər
“Elm” nəşriyyatının direktoru süni intellektin ortaya çıxardığı dilemmalara həsr olunmuş beynəlxalq forumda iştirak edib
AMEA-nın “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov Nəşr Etikası Komitəsinin (COPE) təşkilatçılığı ilə keçirilən “Elmi nəşriyyat fəaliyyətində süni intellektin ortaya çıxardığı dilemmalar” mövzusunda beynəlxalq onlayn forumda iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd süni intellektin elmi əsərlərin hazırlanmasında, rəy prosesində, redaksiya işlərində və s. mərhələlərdə istifadəsinin artması fonunda yaranan etik qeyri-müəyyənliklərin, şəffaflıq və hesabatlılıqla bağlı yeni çağırışların, eləcə də nəşriyyatların bu dəyişən reallığa uyğun standartlar formalaşdırmaq zərurətinin müzakirəsi olub.
İsveçrənin “Frontiers” nəşriyyatının Redaksiya etikası şöbəsinin müdiri, COPE Şurasının üzvü Mari Sulyer və “Wiley” nəşriyyatının süni intellekt məhsulları və strategiyası üzrə direktoru, COPE müşaviri Hong Zhounun həmsədrliyi ilə keçirilən forumda süni intellektin elmi nəşriyyat sahəsinə təsiri ilə bağlı aktual məsələlər ətraflı şəkildə müzakirə edilib. Tədbirdə müəlliflərin süni intellekt alətlərindən istifadəsinin hansı hallarda və səviyyədə açıqlanmalı olduğu, bu sahədə tətbiq edilə biləcək etik standartların formalaşdırılması və onların ədalətli şəkildə icrası məsələləri diqqət mərkəzində olub. Həmçinin, nəşriyyatların süni intellekt texnologiyalarının dinamik inkişafına çevik şəkildə uyğunlaşa biləcək siyasətlər işləyib hazırlaması və bu prosesdə redaktorların daşıdığı məsuliyyət də xüsusi vurğulanıb.
S.Qəhrəmanov da müzakirələrdə fəal iştirak edərək qeyri-ingilisdilli elmi mühitin təmsilçisi qismində süni intellekt texnologiyalarına qlobal miqyasda çıxış imkanlarındakı bərabərsizliklərə diqqət çəkib. O, etik tənzimləmələrin formalaşdırılmasında bu bərabərsizliklərin nəzərə alınmasının vacibliyini, eləcə də regionlara uyğun, kontekstual yanaşmanın tətbiq edilməsinin əhəmiyyətini qeyd edib.