Xəbərlər
“Elm” nəşriyyatının layihəsi SOCAR-ın “Elm Fondu”nun 2025-ci il müsabiqəsinin qalibi olub
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Elm Fondu” tərəfindən Azərbaycan Respublikasında elmin inkişafına dövlətin xüsusi qayğısını rəhbər tutaraq ölkədə neft, neft-kimya və qaz sənayesi, alternativ və yaşıl enerji sahələri ilə əlaqədar fəaliyyət istiqamətləri (yataqların axtarışı, kəşfiyyatı, hazırlanması, işlənməsi, neftin, qazın, kondensatın hasilatı, nəqli, emalı, bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi və s.) üzrə tarixi, mədəni, sosioloji, fəlsəfi, ictimai, ədəbi-bədii, linqvistik, ekoloji və digər sosial-humanitar baxımdan önəm kəsb edən aktual məsələlərin müxtəlif aspektlərinin elmi-nəzəri tədqiqinin, praktiki həlli yollarının müəyyən edilməsi və təkliflərin formalaşdırılmasının, energetika sahəsi ilə əlaqədar dövlət siyasətinin, ixtisaslaşmış fəaliyyətin, peşənin təqdir və təbliğ edilməsinin, mühüm əhəmiyyətinə dair maarifləndirmənin təmin edilməsinin stimullaşdırılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasında çalışan alimlər üçün 2025-ci il üçün növbəti qrant müsabiqəsi elan edilib.
Təqdim olunan layihələr SOCAR-ın “Elm Fondu”nun İdarə Heyətinin 30 iyun 2025-ci il tarixli qərarı ilə yaradılmış Müsabiqə Komissiyası tərəfindən “Elm Fondu”nun Əsasnaməsinə uyğun olaraq dəyərləndirilib.
Ekspertlərin rəyi əsasında Müsabiqə Komissiyasının qənaəti SOCAR-ın “Elm Fondu”nun İdarə Heyətinin 14 noyabr 2025-ci il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara görə aşağıda adları qeyd olunmuş elmi tədqiqat layihələri müsabiqənin qalibi elan olunub:
1. Palçıq vulkanlarının Azərbaycan ekologiyasına təsiri: təsirin qiymətləndirilməsi və risklərin minimuma endirilməsi yolları (AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi);
2. “Xəzərin gücü: neft-qaz erasından yaşıl enerjiyə” elmi-populyar nəşrinin hazırlanması (AMEA-nın “Elm” Nəşriyyatı).