Xəbərlər

“İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirilib

“İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirilib

Dekabrın 24-də “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 52) növbəti iclası keçirilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunan tədbirdə komitənin sədri, “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, sədrin müavini, AMEA Rəyasət Heyəti aparatı Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının sədr müavini Sərxan Xavəri, komitənin məsul katibi, üzvləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Səbuhi Qəhrəmanov bugünkü iclasın əlamətdar bir günə – Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin doğum gününə təsadüf etdiyini bildirib, AZSTAND/TK 52-nin kollektivi adından cənab Prezidenti təbrik edib. Cənab Prezidentin rəhbərliyi ilə respublikamızda müxtəlif sahələr üzrə həyata keçirilən konstruktiv və praqmatik siyasətin Azərbaycanın davamlı inkişafına, beynəlxalq nüfuzunun möhkəmlənməsinə və vətəndaşların rifahının yüksəldilməsinə mühüm töhfələr verdiyini deyib. O, möhtərəm cənab Prezidentin müdrik və uzaqgörən siyasəti ilə ölkəmizin bundan sonra da tərəqqi yolunda inamla irəliləyəcəyinə, dövlətçilik prinsiplərinin daha da güclənəcəyinə, elm, təhsil, mədəniyyət və digər sahələrdə yeni nailiyyətlərin əldə olacağına inamını ifadə edib. Həmçinin qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hər kəsi təbrik edib.

Gündəlikdə yer alan ilk məsələ “Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN)” və “Kitab və digər nəşrlərdə cildin kötük hissəsindəki başlıqların tərtibatı” standartları ilə bağlı olub. Mövzu ilə bağlı çıxış edən S.Qəhrəmanov “Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN)” standartı barədə məlumat verib, bildirib ki, bu standartın qəbulu seriyalı nəşrlərin – jurnalların, qəzetlərin, konfrans materiallarının və digər oxşar nəşrlərin, eləcə də davamlı inteqrasiya edilən, yenilənən resursların beynəlxalq səviyyədə birmənalı şəkildə identifikasiya olunmasını təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edib ki, Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN) nəşrlər arasında ad oxşarlıqlarından, dil və ölkə fərqlərindən irəli gələn anlaşılmazlıqların qarşısını alaraq, vahid və etibarlı identifikasiya mexanizmi yaradır. Standartın tətbiqinin elmi kommunikasiya sisteminin səmərəliliyini artırdığını söyləyən sədr onun kitabxanalar, elmi informasiya mərkəzləri, nəşriyyatlar və indeksləmə bazaları arasında məlumat mübadiləsini asanlaşdırdığını da əlavə edib.

S.Qəhrəmanov bildirib ki, AZS ISO 3297:2025 standartının milli standart kimi qəbul edilməsi Azərbaycan nəşrlərinin beynəlxalq informasiya məkanında tanınmasını artırır, eyni zamanda nəşriyyat və kitabxana praktikası üçün vahid normativ yanaşma formalaşdırır. Sədr diqqətə çatdırıb ki, standartda istifadə olunan termin və anlayışların Azərbaycan dilində normativ şəkildə təsbit edilməsi milli terminoloji bazanın zənginləşdirilməsinə, gələcəkdə digər beynəlxalq standartların tətbiqi və uyğunlaşdırılması prosesində ardıcıllığın təmin olunmasına xidmət edir. Vurğulayıb ki, bu standartın qəbulu Azərbaycan elminin, kitabxana-informasiya və nəşriyyat sahəsinin beynəlxalq standartlaşdırma sistemlərinə uyğunlaşdırılması istiqamətində mühüm addım olmaqla, elmi nəşrlərin keyfiyyətinin və institusional idarəetmə mədəniyyətinin yüksəldilməsinə töhfə verir.

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin baş müəllimi Əliyusif Məmmədov “Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN)” standartı ilə bağlı çıxış edib. Bildirib ki, bu standart əlaqəli davamlı resursların əvvəlcədən təyin olunmuş ISSN ilə identifikasiya olunmuş klasterlərdə qruplaşdırılmasına imkan verir. ISSN-lər yayım modelindən asılı olmayaraq, seriyalı nəşrlərə və digər davamlı resurslara tətbiq edilə bilər. O, vurğulayıb ki, ISSN həmçinin, nəşrin hazırda dərc olunub-olunmamasından asılı olmayaraq tətbiq edilə bilər.

“Kitab və digər nəşrlərdə cildin kötük hissəsindəki başlıqların tərtibatı” standartı haqqında danışan S.Qəhrəmanov bildirib ki, kitabın və digər nəşrlərin kötük hissəsindəki başlıq oxucu və istifadəçi üçün ilk vizual identifikasiya vasitəsidir. O, rəflərdə yerləşdirilmiş nəşrlər arasında axtarışın sürəti, oxunaqlılığı və sistemliliyinin məhz bu elementdən birbaşa asılı olduğunu vurğulayıb. Qeyd edib ki, müxtəlif ölkələrdə və hətta eyni fond daxilində fərqli istiqamətlərdə, üslublarda tərtib olunmuş kötük başlıqları praktikada ciddi çətinliklər yaradır. Təqdim olunan standart məhz bu problemi vahid və beynəlxalq səviyyədə qəbul edilmiş yanaşma ilə həll etməyi qarşısına məqsəd qoyur.

Komitə sədri xüsusilə kitabın kötük hissəsində kitabxanalar üçün nəzərdə tutulmuş identifikasiya sahəsinin ayrılması tələbinin praktik baxımdan mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, bu yanaşmanın kitabxanalara öz yerli təsnifat və uçot məlumatlarını standartlaşdırılmış formada tətbiq etməyə imkan verdiyini söyləyib. Standartın kitab mədəniyyətinin yüksəldilməsinə, nəşriyyat və kitabxana işində keyfiyyətin beynəlxalq standartlara uyğunluğun təmin olunmasına xidmət etdiyini nəzərə çatdırıb.

Komitə üzvləri – filologiya elmləri doktoru, professor Sayalı Sadıqova, tarix üzrə fəlsəfə doktoru Daşqın Məhəmmədli, tarix üzrə fəlsəfə doktoru Eldəniz Məmmədov, Akif Dənsizadə, Elnur Məmmədov çıxış edərək təqdim olunan yeni standartların əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu standartlar müvafiq sahələrdəki mövcud problemləri, anlaşılmazlıqları, qeyri-dəqiqliyi aradan qaldırmağa kömək edəcək.

Geniş müzakirələrdən sonra “Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN)” və “Kitab və digər nəşrlərdə cildin kötük hissəsindəki başlıqların tərtibatı” standartlarının qəbul olunması üçün AZSTAND-a təqdim edilməsi yekdilliklə qərara alınıb.

Gündəlikdəki növbəti məsələ komitənin nəzdində Muzeylərin fəaliyyət göstəriciləri və idarəetmə prinsipləri üzrə işçi qrupunun yaradılması ilə bağlı olub. AZSTAND/TK 52-nin məsul katibi sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzmin Cəfərova çıxış edərək bildirib ki, yeni işçi qrupun məqsədi muzeylərin müasir tendensiyalara uyğun fəaliyyətinin qiymətləndirilməsinə dair statistik göstəricilərin toplanması və təhlili, muzey fəaliyyəti monitorinqinin aparılması üçün əsas meyarların müəyyənləşdirilməsi, muzey əşyalarının veb-arxivləşdirilməsi, həmçinin muzeylərin elektron resurslarının fəaliyyətinə dair standartlaşdırılmış metodların hazırlanması və uyğunlaşdırılmasıdır. N.Cəfərova işçi qrupunun fəaliyyət istiqamətləri və əsas istinad standartları haqqında da məlumat verib.

Növbəti qərarla ADA Universiteti Kitabxanasının direktoru texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədov və “Savad” nəşriyyatının baş redaktoru Vüsal Quliyev komitə üzvlüyünə qəbul ediliblər.

İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsdiq olunan “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” çərçivəsində qarşıdakı üç il ərzində görüləcək işlər, komitənin fəaliyyət istiqamətlərinin aktual problemlərinə dair monoqra­fi­yaların hazırlanması ilə bağlı qərarlar qəbul olunub.

24 dekabr 2025
xeber
xeber
xeber
xeber
xeber
xeber
xeber
xeber
xeber
xeber
xeber
xeber
xeber
xeber
xeber