Yeni nəşrlər
“Akademik Mahmud Kərimov elmi yaddaşda və xatirələrdə” kitabı nəşr olunub
Azərbaycan Milli Elmlər Akademiyasında “Akademik Mahmud Kərimov elmi yaddaşda və xatirələrdə” kitabı nəşr edilib. Nəşrdə akademik Mahmud Kərimovun xatirəsinə həsr edilmiş eyni adlı elmi konfransın materialları toplanıb.
Kitab AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Akademik Mahmud Kərimov haqqında söz” məqaləsi ilə açılır.
Bölmədə həmçinin AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin “Akademik Mahmud Kərimovun elmi və elmi-təşkilati fəaliyyəti haqqında bəzi xatirələrim”, akademik-katib, akademik Arif Həşimovun “Akademik Mahmud Kərimov – bacarıqlı elm təşkilatçısı”, AMEA-nın müşaviri, akademik Adil Qəribovun “Mahmud Kərimov - əbədiyyətə gedən yol”, akademik Əli Abbasovun “Akademik Mahmud Kərimovun Azərbaycanda yüksək texnologiyaların inkişafında xidmətləri”, AMEA-nın müxbir üzvü İslam Mustafayevin “Akademik Mahmud Kərimovun rəhbərliyi dövründə Radiasiya Problemləri İnstitutunun fəaliyyəti”, filologiya elmləri doktoru Sərxan Xavərinin “İdrakın və mənəviyyatın vəhdətindən görünən akademik Mahmud Kərimov şəxsiyyəti”, əməkdar incəsənət xadimi, professor Nazim Kazımovun “Mahmud Kərimov ailəmizin çox dəyərli üzvü idi” başlıqlı məqalələri yer alıb.
“Akademik Mahmud Kərimov xatirələrdə” bölməsində isə akademik Akif Əlizadənin (“Şəxsiyyətin mənəvi və intellektual bütövlüyü”), akademik İsmayıl Hacıyevin (“Bacarıqlı elm təşkilatçısı, nəcib və xeyirxah insan”), akademik Fuad Əliyevin (“Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Mahmud Kərimovun 75 illik yubileyi münasibətilə”), akademik Telman Əliyevin (“Akademik Mahmud Kərimov görkəmli alim və ədalətli şəxsiyyət idi”), akademik Əhliman Əmiraslanovun (“Akademik Mahmud Kərimovun əziz xatirəsi heç zaman unudulmayacaqdır”), akademik Nailə Vəlixanlının (“Mahmud müəllimlə son söhbətimin davamı”), AMEA-nın müxbir üzvü Misir Mərdanovun (“Akademik Mahmud Kərimov çox səmimi insan idi”), akademik Vaqif Fərzəliyevin (“Unudulmaz akademik Mahmud Kərimov”) və AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun (“Ziyalılığın Mahmud Kərimov nümunəsi”) görkəmli alim haqqında xatirələri verilib.
Kitabda “Akademik Mahmud Kərimovun 75 illik yubileyi haqqında” AMEA Rəyasət Heyətinin qərarı da çap olunub.
“Fotoalbom” bölməsində görkəmli elm təşkilatçısı akademik Mahmud Kərimovun həyat və fəaliyyətinin unudulmaz anları, eləcə də AMEA Rəyasət Heyətində keçirilən elmi konfransda çəkilmiş fotoşəkillər öz əksini tapıb.
“Elm” nəşriyyatında çap olunan kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, tərtibçilər filologiya elmləri doktoru Hikmət Quliyev və Mətanət Qaragözovadır.