Yeni nəşrlər

"Elm" nəşriyyatında “Qarabağ Universitetində Akademiya dərsləri” kitabı nəşr olunub

"Elm" nəşriyyatında “Qarabağ Universitetində Akademiya dərsləri” kitabı nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə “Qarabağ Universitetində Akademiya dərsləri” adlı kitab çapdan çıxıb.

Nəşrdə AMEA-nın 80 illiyinə həsr olunan və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə AMEA-nın birgə təşkilatçılığı ilə Qarabağ Universitetində keçirilmiş “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfransın materialları toplanıb. "Elm" nəşriyyatında işıq üzü görən kitabda konfransda səsləndirilmiş çıxışlar, elmi məruzələr, həmçinin AMEA Rəyasət Heyətinin üzvlərinin Qarabağ Universitetinin tələbələrinə keçdikləri dərslərin məzmunu öz əksini tapıb.

Nəşrdə ilk dəfə olaraq Qarabağ Universitetində keçirilmiş AMEA Rəyasət Heyətinin iclasının materialları, eləcə də Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türk dövlətlərindən olan məktəblilər arasında keçirilmiş “Şuşa – türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalından fotoşəkillər təqdim olunur.

Kitabda AMEA nümayəndə heyətinin Ağdam Muğam Mərkəzində, Ağdamdakı İmarət kompleksində, Əsgəran qalasında, Qarabağ Universitetində və Şuşa şəhərində keçirilən tədbirlərdə iştirakı ilə bağlı geniş fotosalnamə də yer alıb.

Nəşrin ideya müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, tərtibçisi AMEA Rəyasət Heyəti Aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva, redaktoru həmin şöbənin müdir müavini, filologiya üzrə fəlsəfə doktoru Sevil Adıgözəlovadır.

Yubiley çərçivəsində tanınmış alimlərin Qarabağ Universitetində müxtəlif fənlər üzrə keçdikləri dərslər AMEA-nın Böyük Qayıdış hərəkatına dəstəyin ifadəsidir.

07 noyabr 2025