Yeni nəşrlər
Filosof alimin Lütfi Zadə haqqında monoqrafiyası Azərbaycan dilində nəşr edilib
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, Multikulturalizm və Azərbaycançılıq Fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın 2023-cü ildə Lambert Akademik nəşriyyatında ingilis, portuqal, alman, ispan, fransız, italyan, rus dillərində nəşr olunmuş “Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları” monoqrafiyası Elm nəşriyyatında Azərbaycan dilində çapdan çıxıb.
Müəllif əsərin Azərbaycan dilində variantını AMEA-nın 80 illik yubileyinə ithaf edib.
Monoqrafiyanın “Ön söz”ünün müəllifi və elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Rəyçilər - Fəlsəfə və Sosiologiya İnstitutunun Heydər Əliyevin siyasi irsi şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ziba Ağaeva, Kiyev Əqli Mülkiyyət və Hüquq Universiteti Fəlsəfə kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Olqa Kyvliuk, ECLSS org. Beynəlxalq Konfrans Təşkilatının Prezidenti ŞKTC Suprus Elm Universitetinin professoru Hasan Karacan, redaktoru AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, Multikulturalizm və Azərbaycançılıq Fəlsəfəsi şöbəsinin elmi işçisi Sevinc (NİSA) Quliyevadır.
“Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları” monoqrafiyası Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin “Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi və səlis elmi-dünyagörüşü” başlıqlı Ön sözündən, “Müəllifdən” yazısından və “Dünya şöhrətli alim Lütfi Zadənin Azərbaycan “Dövrü” tarix fəlsəfəsi kontekstində”, “Həyatda və elmdə Lütfi Zadə dövrü”, “XXI əsr. Həyatda və elmdə Lütfi Zadə dövrü”, “Lütfi Zadənin dünyagörüşü”, “Lütfi Zadənin fəlsəfi baxışları” adlanan 4 fəsildən, habelə, bu fəsillərə daxil olan “XX əsrin əvvəllərində (bəlkə də ondan da əvvəl) başlayan Lütfi Zadə dövrü”, “Odlar yurdu günəşli Azərbaycanın dahi alimi”, “Lütfi Zadə və Azərbaycan (“fuzzy logic”ə görə RA uyğunluğu)”, “Lütfi Zadənin Azərbaycan və Azərbaycançılıq dövrünün zirvəsi”, “XXI əsr. Lütfi Zadənin Azərbaycan və Azərbaycançılıq dövrünün ∞-“Infinity” – prinsipi”, “Lütfi Zadənin (Tehran) İran Azərbaycanı dövrü”, “Lütfi Zadənin İran şah rejimi və ABŞ Missioner Hərakatı “Dövrü””, “Dünyaşöhrətli Alim Lütfi Zadənin möcüzələr dolu Amerika dövrü”,“İkinci Dünya Müharibəsi illəri. Amerikada elmin inkişafı və Lütfi Zadənin “Yeni Dövrü””, “Lütfi Zadənin dünyagörüşünü formalaşdıran 1944-1964-cü illər və Amerikada elmi mühit”, “1965-2000. Dünya Elmində İnqilablar Dövrü. Lütfi Zadənin elmi kəşfləri və fenomenal dünyagörüşü”, “2001- 2017-ci İllər - Mütəfəkkir Lütfi Zadə dühasının parlaq zirvəsi”,“Dünyagörüşü Konsepsiyasının tarixi və müasir təhlilləri”, “Lütfi Zadənin Elmi-Nəzəri İnqilabları və XX Əsrin Yeni Dünyagörüşü Konsepsiyası”, “Lütfi Zadənin Dünyagörüşü - Neokantçı Dialoq Nəzəriyyəsi və Mədəniyyətlərarası Dialoq Fəlsəfəsi”, “Lütfi Zadənin Dünyagörüşü və Multikultural Dəyərlər”, “Lütfi Zadənin Dünyagörüşü və Fəlsəfi İdentiklik Sistemi” yarımfəsillərindən və Nəticə, ədəbiyyat siyahısındən ibarətdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəyli Fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın "Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları” monoqrafiyası haqqında yazdığı Ön sözdə əsəri yüksək qiymətləndirmişdir. Sitat: “Xatirə Quliyevanın bütövlükdə “Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları” monoqrafiyası dünyaşöhrətli alim Lütfi Zadənin həyatının, elmi fəaliyyətinin, dünyagörüşünün, fəlsəfəsinin tədqiqi, qiymətləndirilməsi baxımından əhəmiyyətli olduğu kimi Azəbaycan Lütfi Zadəşünaslığının miqyasını nümayiş etdirir və elm ictimaiyyətimizin xalqımızın dahi aliminə əbədi sevgisini əməli surətdə təsdiqləyir. Eyni zamanda, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın ilk dəfə olaraq Lütfi Zadənin dövrünü, dünyagörüşünü və fəlsəfi baxışlarını tədqiq etməsi dahi alimin elmi irsinin mahiyyətini və baxışlarını dərk və şərh etmək yolunda atılmış ilk və mühüm əməli addım kimi əhəmiyyətlidir.
Lütfi Zadənin zəngin dövrü, keşməkeşli həyatı, rasional və qeyri-səlis məntiqlə sintezi əsasında formalaşmış özünəməxsus dünyagörüşü və bənzərsiz şəxsiyyəti haqqında fundamental elmi tədqiqat əsərini Azərbaycan elmi meydana çıxarılmalı idi. Yaxşı haldır ki, bu işi Azərbaycanın filosof alimi Xatirə Quliyeva yerinə yetirmişdir”.
Akademik isa Həbibbəyli həmçinin qeyd etmişdir ki, “Fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları” mövzusundakı monoqrafiyası dahi alimin həyatına, elmi fəaliyyətinə və dünyagörüşünə aid olan demək olar ki, bütün əsas məqamları əhatə edir. Tədqiqatçı alim zəngin mənbələrdən və materiallardan elmi-məntiqi şəkildə bəhrələnməklə dünya şöhrətli alimin elm tarixi üçün əvəzsiz xidmətlərinin mənalı bir səlnaməsini yaratmışdır. Azərbaycan ictimaiyyəti və gələcək elmi nəsli bu əsərlə inqilabi kəşflərin müəllifi olan dahi Lütfi Zadənin elmi xidmətləri və dünyagörüşü, şəxsiyyəti haqqında səlis məlumatlar ala biləcəklər”.
Akademik isa Həbibbəylinin Ön söz də vurğuladığı aşağıdakı fikirlər yeni çapdan çıxmış “Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları” monoqrafiyasının əhəmiyyətini bir daha təsdiq edir: “Filosof alim “Lütfi Zadənin dünyagörüşü, fəlsəfi identiklik sistemi” adlandırılan fəslində dəqiq və texniki elmlər sahəsində inqilablar yaradan böyük dühanın özünəməxsus fəlsəfəsinin də olmasnı təqdim etməyə nail olmuşdur. Müəllifin haqlı qənaətlərinə görə Lütfi Zadənin dünyagörüşündə fəlsəfi baxış, dərin məntiq və sistemli yanaşmalar onun bəşəri hisslərə malik olması, həyat təcrübəsi və hərtərəfli biliyi əsasında meydana çıxmışdır.
Xatirə Quliyevanın dünyaya altı müxtəlif elmi kəşf bəxş etmiş Azərbaycan mənşəli amerikalı alimi Lütfi Zadəyə həsr etdiyi “Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları” monoqrafiyasında professor Lütfi Zadənin yaşadığı epoxa və onun fəlsəfi görüşləri dərindən tədqiq edilmiş, tədqiqatın müddəaları elmi və praktik cəhətdən əsaslandırılmışdır. Eyni zamanda, Xatirə Quliyevanın monoqrafiyasında dünya elmi fikrində mühüm inqilab etmiş, yeni tədqiqatlara yol açmış Lütfi Zadənin dünyagörüşü, fəlsəfi baxışları dolğun şəkildə dəyərləndirilməklə bugünün və gələcəyin tədqiqatçıları və bütövlükdə Lütfi Zadə irsi ilə maraqlananlar üçün mühüm elmi mənbə yaradılmışdır”.
Filosof alim Xatirə Quliyeva dünyada ilk dəfə olaraq Lütfi Zadə haqqında əsər yazmaq fikrinin onda yaranması haqqında monoqrafiyanın “Müəllifdən” hissəsində belə yazmışdır: “Lütfi Zadənin Dövrü, Dünyagörüşü, Fəlsəfi Baxışları” mövzusunda əsərin doğuluşuna kimi mənim mənəviyyat etatizmim, milli identik təəssübkeşliyim və elmə vətəndaşlıq hissi ilə yanaşmağım Azərbaycan əsilli, dünyaşöhrətli alim Lütfi Zadəni öyrənməyi diktə etdi. Dahimizi “yavaş-yavaş” diqqətlə öyrəndikcə, əslində onu anladıqca təhlil qiymətləndirmələrim beynimdən qələmimə, oradan da süni intellektin mənə (milyardlarla insana) süni intellektin “atası” Alan Turinqin bəxş etdiyi “ağıllı makinenin” - notbuukumun səhifələrinə süzüldü və ölkəmizdə, eləcə də dünyanın tanınmış jurnallarında Lütfi Zadə haqqında və o cümlədən alimin tədqiqat sahəsi olan süni intellekt mövzusunda, onun elmi əhəmiyyət kəsb edən irsinin dəyərləndiyi məqalələrim yayınlandı. Məsələn, Pakistanın JASS(Journal of Arts and Social Sciences pk.) jurnalında dərc olunmuş “Dünya Süni İntellekt Sisteminin İnkişafında Lütfi Zadə Fenomeni. Lütfi Zadə –100 (Lotfi A. Zadeh phenomenon in the development of the world artificial intelligence (Aİ) system. Lotfizadeh – 100 years old); İndoneziyada nəşr olunan “Pedaqoqika və Təhsil elmləri” jurnalında “Dünya şöhrətli alim Lütfi Zadənin Azərbaycan “Dövrü” tarix fəlsəfəsi kontekstində” (“World Famous Scientist Lutfi Zade's Azerbaijan “Era” in the Context of History Philosophy”); Çində çap olunan CİNA-USA İdarəetmə İcmalı jurnalında “Tarix və Müasirlik (Lütfi Zadənin Dünyagörüşü Kontekstində) (Worldview Concept: History and Modernity (in the Context of Lotfi A. Zadeh’s Worldview); Amerikada Beynəlxalq Fəlsəfə Tədqiqatları jurnalında “Dünyagörüşü Konsepsiyası Lütfi Zadənin Dünyagörüşü Kontekstində. Tarix və Müasirlik”) (“Worldview Concept History and Modernity in the Context of Lotfi a Zadeh’s Worldview”) məqalələrim.
Dahi alim haqqında xaricdə (həmçnin AMEA-nın saytında) yayımlanan məqalələrim, eləcə də konfrans elektron kitablara daxil olan məruzələrim sürətlə geniş yayıldı və mənə bir çox jurnallardan məqalə çapı dəvəti gəlməyə başladı. Bəzisinə “çatdırıb” məqalə göndərdim. Əlbəttə, digər məqalələrimdə də Lütfi Zadə mövzusu üfüqü xətti təşkil edirdi. Məsələn, “Dünya Sənaye İnqilabları və Süni intellekt Sistemi” (“World Industrial Revolutions and the Development of Artificial Intelligence System”); “Polşada çap olunmuş kollektiv “Təşkilatların İdarə Olunmasına Fənlərarası Yanaşma" kitabında “Süni intellekt fəlsəfəsinin mütərəqqi və reqressiv inkişafı məsələləri” (Issues of Progressive and Regressive Development of The Philosophy of Artificial Intelligence. An Interdisciplinary Approach to the Management of Organizations); “Qəhrəman” Alan Türinqin “Bombası” və süni intellektin fəlsəfəsi” (5 məqalə. AMEA saytı) (“Hero” Alan Turing's “Bomb” and the Philosophy of Artificial Intelligence” (5 articles. ANAS website).
Bundan sonra birdən mənim üçün “möcüzə” baş verdi. Adını belə bilmədiyim – Londonda yerləşən Cambridge Scholars Publishing-dən mənə Lütfi Zadə haqqında kitab çapı təklifi gəldi. Sevindim. Qəbul etdim. 2022-ci ilin noyabr ayının 12-sində nəşriyyatla aramızda Müqavilə bağlandı və 1 il müdətində Cambridge Scholarsa monoqrafiya təhvil verməyi öz üzərimə götürdüm.
Əsəri Müqavilə müddətində (1-2 ay gecikdim) çatdırmasam da şərtlərinə (əsəri heç bir digər nəşriyyatda, o cümlədən ölkəmdə dərc etdirməmək) əməl etməklə təhvil verdim. Lambert qısa müddətdə mənə müsbət cavab verdi və 2023-cü ilin sentyabr ayında “Lütfi Zadənin Dövrü, Dünyagörüşü, Fəlsəfi Baxışları” monoqrafiyam bu nəşriyyatda ingilis dilində çap olundu. Sonra “Amazon”, “More books” dünya kitab satış-yayımlarında təbliğ olunan bu monoqrafiyam qısa müddətdə dünya elmi ictimaiyytinin elə marağına səbəb oldu ki, Lambert akademik nəşriyyatı onu daha 6 dildə - portuqal, alman, ispan, fransız, italyan və rus dillərində, həmçinin həmin dövlətlərin ən nüfuzlu nəşriyyatlarında çap etdi.
Doğrusu, dahi Lütfi Zadənin riyaziyyat, kibernetika, robototexnika və bir çox başqa texniki elm sahələrinə aid olan elmi kəşflərinin su kimi aydınlıqla dərkini “ağlım kəsməsə” də, mən bütün elmlərin kökündə dayanan dünyagörüşü və fəlsəfi baxışlarnı fəlsəfi biliyimlə anlamağa çalışmışam. Sevinirəm ki, anlamışam və monoqrafik səviyyədə anlatmağa müəvəffəq olmuşam.
Təsadüfi deyil ki, Azərbaycan əsilli, dünyaşöhrətli alim Lütfi Zadənin keşməkeşli həyatı və zəngin dünyagörüşünə, fəlsəfi baxışlarına həsr etdiyim indi Azərbaycan dilində çap olunan “Lütfi Zadənin Dövrü, Dünyagörüşü, Fəlsəfi Baxışları” monoqrafiyamı dünya elminə bəxş etmişəm. İndi də bu əsl zəhmətin nəticəsi əsərimi öz ölkəmin elmi fikrinə təqdim edirəm və qürur duyuram ki, artıq 9-cu monoqrafiyam xalqımın elmi təfəkkür xəzinəsinə daxil olur”.
Fəlsəfə elmləri doktoru Xatirə Quiyevanın “Lütfi Zadənin Dövrü, Dünyagörüşü, Fəlsəfi baxışları” monoqrafiyası onıun sayca 9-cu fundamental tədqiqat əsəridir.
2023-cü ildə Avropada 7 dildə çap olunmuş və bu il AMEA-nın 80 illik yubileyinə Azərbaycan dilində nəşr edilmiş bu dəyərli əsər monoqrafiyanın Ön söz müəlifi, elmi məsləhətçisi akademik İsa Həbibbəylinin qeyd etdiyi kimi, “Xatirə Quliyevanın “Lütfi Zadənin Dövrü, Dünyagörüşü, Fəlsəfi baxışları” monoqrafiyası xalqımızın dahi oğluna böyük ehtiramının elmi ifadəsi kimi də mühüm əhəmiyyətə malikdir.
Nəticə etibarilə demək olar ki, “Lütfi Zadənin Dövrü, Dünyagörüşü, Fəlsəfi baxışları” monoqrafiyası qeyri-səlis məntiq haqqında dahiyanə kəşflərin müəllifi olan Lütfi Zadənin dünyagörüşünə, fəlsəfi baxışlarına həsr edilmiş səlis fəlsəfi əsər kimi elmi cəhətdən qiymətli tədqiqatdır. Beləliklə, inanırıq ki, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, Multikulturalizm və Azərbaycançılıq Fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın Azərbaycan əsilli dünyaşöhrəti alim Lütfi Zadə haqqında yazdığı “Lütfi Zadənin Dövrü, Dünyagörüşü, Fəlsəfi baxışları” monoqrafiyasının Azərbaycan dilində nəşri də geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanacaq, Lütfi Zadə elmi kitabxanasını zənginləşdirəcəkdir”.